logo

Ərdoğan: "30 illik işğaldan sonra Qarabağ ana Vətənlə qovuşdu"

14:49 19-02-2021 | icon 1715
Ərdoğan: "30 illik işğaldan sonra Qarabağ ana Vətənlə qovuşdu"

Türk dünyası olaraq geridə qoyduğumuz dövrdə, koronavirus pandemiyası səbəbindən dostlarımız və sevdiklərimiz daxil olmaqla bir çox insanı itirməyin ağrısını yaşadıq. Ancaq, eyni dövrdə, 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik. Azərbaycanlı qardaşlarımı 44 gün davam edən şanlı mübarizələri ilə böyük bir zəfərə imza atmaları münasibətilə bir daha təbrik edirəm.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumuna ünvanladığı məktubunda yer alıb.

Məktubda daha sonra deyilir: “Həm Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız, Türk dünyasının müdafiədən diplomatiyaya, səhiyyədən əkinçiliyə, turizmdən enerjiyə qədər hər sahədə birlik, həmrəylik və bərabərliyinin vacibliyini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük. Ailə üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı əməkdaşlığı daha da artırmaq olmalıdır. “Türk Dünyası Meteorologiya Birliyi”nin yaradılması təşəbbüsünün bu istiqamətdə atılan mühüm bir addım olduğunu düşünürəm”.

Türkiyə prezidenti məktubunda Forumun işinə uğurlar arzulayıb.