logo

Məhkəməyə görə sabiq deputat Rafael Cəbrayılovun ölkədən çıxışı yasaqlandı

13:31 13-02-2021 | icon 1953
Məhkəməyə görə sabiq deputat Rafael Cəbrayılovun ölkədən çıxışı yasaqlandı

Sabiq deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

 YeniAvropa xəbər verir ki, bu barədə Abşeron rayon Məhkəməsindən bildirilib. Qeyd edilib ki, fevralın 17-də Rafael Cəbrayılovun işi üzrə məhkəmə prosesi keçiriləcək.

Məhkəmənin keçmiş deputatın əleyhinə qərar verəcəyi gözlənilir.Belə ki, bundan əvvəl Rafael Cəbrayılov icra tələbini yerinə yetirmədiyinə görə 1000 manat cərimə olunub. Keçmiş deputat bu cəriməni də ödəməyib.

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc pul alıb. Sonradan müxtəlif bəhanələrlə borcunu qaytarmayıb. Borclular məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib və iş icraata yönəldilib. Lakin Rafael Cəbrayılov icra tələbini yerinə yetirməyib. Keçmiş deputata bir neçə dəfə xəbərdarlıq edilsə də, o buna məhəl qoymayıb. Nəticədə Rafael Cəbrayılova qarşı konkret hüquqi addımlar atılmağa başlanılıb.

Qeyd edək ki, Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlardan biri–Təranə Fətəliyeva bütün məhkəmə instansiyalarında deputata qalib gəlib. Artıq məhkəmə qərarının icrasına start verilib. Ötən il dekabrın 30-da Rafael Cəbrayılov icra şöbəsinə çağırılıb və ona yanvarın 10-na kimi vaxt verilib.

Lakin keçmiş deputat borcunu ödəməyib. Bu dəfə də Rafael Cəbrayılova möhlət verilib. Bildirilib ki, keçmiş deputat borcunu ödəməyəcəyi təqdirdə əvvəlcə barəsində inzibati qaydada tədbir görüləcək, növbəti dəfə isə məhkəmə qərarını icra etmədiyi üçün barəsində yeni cinayət işi başlanacaq.

Bundan əlavə, keçmiş deputatın borclu olduğu digər şəxlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb. Rafael Cəbrayılov borclarını qaytarmaq niyyətində olduğunu iddia etsə də, şikayətçilər onun səmimiyyətinə inanmırlar.

Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva – 300 000 dollar 
Məlahət Qurbanova - 580 000 dollar 
Xatirə Nəcəfova - 200 000 dollar 
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar 
Şəfa Məmmədova - 80 000 dollar, 
Bəşir Məmmədov - 60 000 dollar 
Allahverdi Səfərəliyev - 30 000 dollar.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdiriblər. Məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.