logo

Donald Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etdi

13:53 12-01-2021 | icon 308
Donald Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp yeni seçilmiş prezident Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyası ərəfəsində təhlükəsizliyin təmin olunması ilə əlaqədar Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edib və yerli hakimiyyət orqanlarına federal yardım göndərib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ evin yaydığı məlumatda bildirilib.

“Prezident Donald Tramp paytaxt Kolumbiya dairəsində 2021-ci il yanvarın 11-dən 24-dək fövqəladə vəziyyət rejimi elan edib və 59-cu prezident inauqurasiyası ilə bağlı yaranan fövqəladə vəziyyətə operativ reaksiya üçün əlavə federal yardım göndərilməsi barədə göstəriş verib”, - deyə Ağ evin məlumatında qeyd edilib.

Məlumatda, həmçinin bildirilib ki, yanvarın 11-də ABŞ paytaxtının meri Müriel Bouzer Konqresdə iğtişaşlardan sonra baş verə biləcək potensial təhdidlərlə əlaqədar Vaşinqton administrasiyasının rəhbərinə müvafiq müraciət ünvanlayıb.

Bir qədər əvvəl ABŞ hakimiyyəti Cozef Baydenin yanvarın 20-də Vaşinqtonda keçiriləcək inauqurasiyası ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə planlaşdırılandan altı gün əvvəl başlamaq barədə qərar qəbul edib. Bununla əlaqədar Ağ ev və Konqresin yaxınlığında yerləşən administrativ komplekslərinin, mağazaların və iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıla bilər. ABŞ Milli Qvardiyası isə paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə 15 min hərbçi cəlb edə bilər.

Qeyd edək ki, Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin və yeni seçilmiş vitse-prezident Kamala Harrisin inauqurasiyası yanvarın 20-də yerli vaxtla günorta saatlarında Kapitoli binasının pilləkənlərində baş tutmalıdır.