logo

7 gün qabaqcadan ölkə üzrə hava proqnozunu öyrənmək mümkün olacaq

16:09 08-01-2021 | icon 1792
7 gün qabaqcadan ölkə üzrə hava proqnozunu öyrənmək mümkün olacaq

Bu ilə yeniliklərlə başladıq. Belə ki, proqnozlara əlçatanlığı təmin etmək üçün bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında “Meteo.az” bölməsinə daxil olmaqla hava haqqında məlumatları daha geniş formatda əldə etmək mümkündür.

YeniAvropa xəbər verir ki, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, burada məqsəd ondan ibarətdir ki, istənilən vətəndaş paytaxt, eləcə də respublikanın bütün bölgələri üzrə 7 günlük proqnozları əldə edə bilsin.

"Proqnozların etibarlı olması üçün bütün səylər göstəriləcək. “Meteo.az” bölməsində səsli mesajlar yayımlanacaq, fermerlər üçün faydalı olan aqrometeorolji məlumatlar yerləşdiriləcək. Meteohəssas insanlar üçün ayrıca bölmə nəzərdə tutulub və orada tibbi-meteoroloji proqnozlar əksini tapacaq. Bununla yanaşı, ölkədə gözlənilən hər hansı anomal hidrometeoroloji hadisələr barədə xəbərdarlıq bölməsi də nəzərdə tutulub. Burada dünya təcrübəsində qəbul olunan rəngli kodlarla, eyni zamanda, rəqəmlər və mətnlər vasitəsilə gözlənilən təhlükəli hidrometeoroloji hadisələr əhaliyə çatdırılacaq”, - deyə U.Tağıyeva qeyd edib.