logo

İndiyədək “Şahdəniz”dən 130 milyard kubmetr təbii qaz çıxarılıb

11:55 16-11-2020 | icon 273
İndiyədək “Şahdəniz”dən 130 milyard kubmetr təbii qaz çıxarılıb

İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 31 milyon ton kondensat əldə edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə  “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 130 milyard kubmetr təbii qaz hasil olunub.

Qeyd edək ki, yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 13,3 milyard standart kubmetr qaz və təqribən 2,7 milyon ton (21,6 milyon barrel) kondensat çıxarılıb.

Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Üçüncü rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

Doqquz ayda “Şahdəniz” üzrə fəaliyyətlərə 620 milyon dollaradək əməliyyat və 719 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.