logo

Ermənistan Kəlbəcərin boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15:05 15-11-2020 | icon 1939
Ermənistan Kəlbəcərin boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə məlumat verib.

Ermənilərin bəyanatda göstərilən rayonlardan çıxarılması işlərinin davam etdiyini bildirən Hikmət Hacıyev deyib: “Bəyanatın tələblərindən biri Kəlbəcərin noyabrın 15-dək təhvil verilməsi idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərin noyabrın 25-dək təhvil verilməsinə razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.

Prezidentin köməkçisi qeyd edib ki, noyabrın 20-də Ağdamın, dekabrın 1-dək isə Laçının təhvil verilməsi nəzərdə tutulur.