logo

Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb

17:57 14-11-2020 | icon 1855
Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb

Noyabrın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa dostluq qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nümayəndə heyətini salamlayan nazir Ceyhun Bayramov Azərbaycan ilə Fransa arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib. Azərbaycan-Fransa dostluq qrupunun üzvlərinin bu münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb.

Hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi bildirilib.

Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.

Qarşı tərəf öz növbəsində, Azərbaycana səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini, Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd edib. Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını vurğulayan deputatlar onun həyata keçirilməsindən bir neçə gün əvvəl tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildiriblər. Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğulayıblar. Azərbaycan-Fransa dostluq qrupunun üzvləri qismində Azərbaycanla bağlı həqiqətlərin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildiriblər.

Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayaraq, bundan sonra Azərbaycan ilə Ermənistan arasında, eləcə də Minsk qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.