logo

Anar Eyvazov:"Düşmən xeyli itki verərək geri çəkilməyə məcbur olub"

19:06 07-11-2020 | icon 1652
Anar Eyvazov:"Düşmən xeyli itki verərək geri çəkilməyə məcbur olub"

Ötən sutka ərzində düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində və Ermənistandan ərazisindən Qubadlıda yerləşən bölmələrimizin mövqelərini, o cümlədən Tərtər, Ağdam və Ağcabədi rayonları daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinin susdurulması üçün ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində adekvat tədbirlər görülür.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 7-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verib.

Anar Eyvazov bildirib ki, düşmənin Ağdərə istiqamətində müdafiə olunan 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti, avtomobil texnikası və minaatanları ordumuzun atəş zərbələri ilə məhv edilib. Bu istiqamətdə atış mövqelərinə çıxarılan D-30 haubitsasının şəxsi heyəti bölmələrimizin dəqiq atəşi ilə zərərsizləşdirilib.

Ordumuzun həyata keçirdiyi digər əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayının bir taborunun şəxsi heyəti arasında itkin düşənlər var, artilleriya divizionunda isə bir batareyanın topları sıradan çıxarılıb.

Döyüşlər başlayandan indiyədək canlı qüvvə baxımından ağır itkilərə məruz qalan, buna görə də bir müddət əvvəl yerli sakinlər və Ermənistandan cəlb edilən könüllülərlə gücləndirilmiş düşmənin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq darmadağın olunub. Qalan xüsusi təyinatlılar tutduqları mövqeləri tərk edərək geri çəkilməyə məcbur ediliblər. Döyüşlərə cəlb olunan Ermənistan silahlı qüvvələrinin 178-ci əlahiddə kəşfiyyat taborunda şəxsi heyətin bir hissəsi bölmələrimiz tərəfindən məhv edilib.

Mətbuat katibi qeyd edib ki, əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən bir qədər də geriyə çəkilməyə məcbur edilib.

Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavəndin ümumilikdə 16 kəndi ordumuz tərəfindən işğaldan azad olunub.

“Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərə baxış zamanı əldə olunan sənədlər və digər kəşfiyyat materialları təsdiqləyir ki, Azərbaycan Ordusu təkcə Ermənistan silahlı qüvvələri ilə deyil, həmçinin muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmalarla da mübarizə aparır. Düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də ki hansısa könüllü dəstələr Azərbaycan əsgərini dayandıra bilməz. Sağ qalmaq üçün onların bir yolu var: vaxt itirmədən silahı yerə qoyaraq döyüş meydanını tərk etmək.

Hazırda əməliyyat şəraiti ordumuzun nəzarətindədir. Cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir. Qələbə bizimlədir”, - deyə mətbuat katibi vurğulayıb.