logo

İlham Əliyev: Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək

13:33 17-10-2020 | icon 301
İlham Əliyev: Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək

Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik.

 YeniAvropa  xəbər verir ki, prezident İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.

Bundan əvvəl Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndlərinin işğaldan azad edildiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.