logo

Yoşihide Suqa Yaponiyanın yeni baş naziri təsdiq edilib

10:59 16-09-2020 | icon 2429
Yoşihide Suqa Yaponiyanın yeni baş naziri təsdiq edilib

Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) yeni seçilmiş sədri Yoşihide Suqa ölkənin yeni baş naziri vəzifəsinə təsdiq edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, onun namizədliyi parlamentin aparıcı aşağı palatasının əksər üzvləri tərəfindən dəstəklənib. Yaponiya Konstitusiyasına görə, parlamentin aşağı palatası hökumət başçısının seçkilərində həlledici sözə malikdir.

Yeni baş nazirin parlament tərəfindən təsdiq edilməsi mərasimi Yaponiya ictimai televiziyası ilə birbaşa yayımlanıb.

Y.Suqa parlamentin aşağı palatasında səsvermə zamanı böyük üstünlük qazanıb. Belə ki, aşağı palatanın 462 üzvündən 314-ü onun namizədliyini dəstəkləyib. Yaponiya parlamentinin yuxarı palatası da Y.Suqanın baş nazir vəzifəsini tutmasına razılıq verib.

Yaxın saatlarda yeni Baş Nazirin hökumətin tərkibini açıqlayacağı gözlənilir. Bildirilir ki, yeni hökumətdə vəzifələrin əksəriyyəti Şinzo Abenin son hökuməti dövründə hakimiyyətdə olmuş nazirlər tərəfindən tutulacaq. Əsasən, Taro Asonun baş nazirin müavini və maliyyə naziri, Toşimitsu Moteqinin isə xarici işlər naziri portfellərini saxlayacağı gözlənilir. Bununla yanaşı, Kaziyoşi Akabanın dövlət torpaqları, infrastruktur və turizm naziri, xanım Seyko Haşimotonun Olimpiya və Paralimpiya məsələləri naziri, Yasutoşi Nişimuranın isə iqtisadiyyatın bərpası naziri vəzifələrində qalacaqları bildirilir. Hökumətdə Rusiya ilə iqtisadi əməkdaşlığa cavabdeh olmuş Hiroşi Kaziyamanın İqtisadiyyat, Ticarət və Sənaye naziri portfelini alacağı qeyd edilir.

Eyni zamanda, müdafiə naziri Taro Konunun dövlət islahatlarına cavabdehlik naziri vəzifəsinə təyin ediləcəyi gözlənilir. Müdafiə naziri vəzifəsini isə Şinzo Abenin kiçik qardaşı, son hökumətdə xarici işlər nazirinin müavini olmuş Nobuo Kişi tutacaq.

Xatırladaq ki, sabiq baş nazir Şinzo Abe avqustun 28-də səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyini bəyan edib.

Sentyabrın 14-də hakim LDP-də keçirilən seçkilərdə Y.Suqa böyük üstünlüklə partiyanın yeni sədri seçilib. LDP-nin Nizamnaməsinə əsasən, o, bu vəzifəni 2021-ci ilin sentyabrınadək tutacaq. Bundan sonra sədrin yeni seçkiləri keçiriləcək ki, bu da növbəti 3 il üçün yeni lideri müəyyən edəcək.

Xatırladaq ki, Yaponiyanın yeni baş naziri 71 yaşlı Yoşihide Suqa yüksək səviyyəli siyasətçilərin əksəriyyətindən fərqli olaraq hər hansı siyasətçilər nəslinə mənsub deyil. Əyalət hesab edilən Akita prefekturasında dünyaya gələn Y.Suqa siyasi karyerasını müstəqil olaraq qurub.

Mütəxəssislərin rəyinə görə, LDP-də Şinzo Abenin yaxın silahdaşlarından birinə çevrilən Y.Suqa sabiq baş nazirin xəttini, həmçinin xarici siyasət üzrə xəttini davam etdirəcək. Xatırladaq ki, Ş.Abenin birinci hökuməti dövründə (2006-2007-ci illər) İnzibati və Kommunikasiya İşləri üzrə nazir vəzifəsini tutan Y.Suqa 2012-ci ildə onun hakimiyyətə qayıdışından sonra Nazirlər Kabinetinin baş katibi olub. 2016-cı ilin iyulunda bu vəzifədə ən uzun müddət qalması ilə (1260 gün) rekord qazanan Y.Suqa sonradan bu rəqəmi demək olar ki, iki dəfə artırıb.

Y.Suqa Yaponiya hökumətində baş katib vəzifəsi ilə yanaşı, Okinavadakı ABŞ hərbi bazalarının yükünün azaldılması və KXDR tərəfindən oğurlanmış Yaponiya vətəndaşları məsələləri üzrə nazir vəzifələrini də yerinə yetirib.

Y.Suqanın adı Yaponiya ictimaiyyəti arasında xüsusən yeni İmperator Naruhitonun 2019-cu il mayın 1-də taxta çıxması ərəfəsində yeni dövrün elan olunması ilə məşhurlaşıb. Məhz Y.Suqa aprelin 1-də keçirilən növbəti mətbuat konfransında yeni dövrün “Reyva” (“Gözəl harmoniya”) adlandırılacağını bəyan edib. Bundan sonra cəmiyyətdə onu “Reyva baba” adlandırmağa başlayıblar.

2019-cu ildə “Mainichi şimbun” qəzetinə müsahibə verən Y.Suqa sağlam həyat tərzi yaşadığını, qəti şəkildə spirtli içkiləri qəbul etmədiyini bildirib. Səhər tezdən yuxudan oyanan baş katib, 100 dəfə oturub-durmaq və press hərəkətləri etdiyini deyib. Bundan sonra isə 40 dəqiqə təmiz havada gəzdiyini söyləyib.

Bununla yanaşı, onun şirniyyatı çox xoşladığı, Yaponiyada xüsusi məşhurluğu ilə seçilən “Pankeyk”i çox sevdiyi deyilir. Onun ən çox sevdiyi məşğələlər arasında balıq ovu və qolfun xüsusi yer tutduğu da bildirilir.