logo

Bakı metrosu 72 gündən sonra 

09:17 14-09-2020 | icon 1904
Bakı metrosu 72 gündən sonra 

Bakı metrosu 72 gündən sonra yenidən fəaliyyətini bərpa edib.

YeniAvropa xəbər verir ki, sentyabrın 14-ü saat 06:00-dan metropoliten sərnişindaşıma fəaliyyətinə başlayıb. Metropolitenin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun bərpa edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, sentyabrın 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftəiçi 5 gün səhər saat 06:00-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.

Bakı Metropoliteni sərnişinlərin nəzərinə çatdırır ki, stansiyalara daxil olaraq mənzil başına çatıb metro stansiyalarını tərk edənədək tibbi maskanın düzgün taxılması sərnişinlərin riayət etmələri mütləq vacib şərtdir.

Sosial məsafənin qorunması məqsədilə Bakı metropoliteni texniki imkanlarından istifadə edərək, sərnişinlərə ən münasib şəraiti yaradıb. Bu məqsədlə gücləndirilmiş iş rejimi tətbiq edilib, qatarların hərəkət qrafiki ən optimal qrafiklə təmin olunub, stansiya və qatarlarda bütün mümkün imkanlardan istifadə olunaraq sərnişinlərin məlumatlandırılması təmin edilib.

Sərnişinlər bir daha mövcud qaydalara, sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə çağırılır.