logo

Ramiz Mehdiyev “Təzadlar”ı da məhkəməyə verəcək?

17:55 10-09-2020 | icon 1939
Ramiz Mehdiyev “Təzadlar”ı da məhkəməyə verəcək?

Sentyabrın 10-da “Təzadlar” qəzetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik  Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sentyabrın 9-da həmin qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib.

“Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də deputat Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb.

AMEA bir daha bəyan edib ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib.

AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir”, - deyə AMEA-nın məlumatında qeyd olunub.

Xatırladaq ki, bu gün "Təzadlar" qəzetində  Ramiz Mehdiyevlə telefon söhbəti əsasında hazırlanmış qısa müsahibə dərc edilib. Müsahibədə: ".. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur...Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər", - kimi ifadələr yer alıb. 

Yazı qəzetdə dərc ediləndən sonra elektron KİV-lər tətfindən paylaşılıb. Görünən odur ki, ya Ramiz Mehdiyev geri addım atmalı olub, ya da ki, qəzet həqiqətən də "fake" xəbər yayıb. Hər halda yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək...