logo

XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb

22:36 09-09-2020 | icon 574
XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq sentyabrın 9-u Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edilib.

Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşı olan Azərbaycan Respublikası qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafisinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir".

YeniAvropa xəbər verir ki,  bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı yaydığı açıqlamada əksini tapıb. 

"Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1 107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib.

Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındılar. On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.

Təmas xətti boyunca yaşayan bir çox məktəblilər, rəsmi atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalmaq təhlükəsi altında davamlı olaraq dərslərində iştirak edirlər. Belə ki, yalnız 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan gördü, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb də məhv edildi.

9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini vurğulayırıq. Eyni zamanda bu əlamətdar günün məqsədinin həyata keçirilməsi kontekstində, bütün günahkarların ədalət qarşısına çıxarılması vasitəsilə yuxarıda göstərilən cinayətlərin cəzasızlığına son qoyulmasının son dərəcə vacibliyini vurğulayırıq.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin (822, 853, 874 və 884) tələblərini yerinə yetirməli, on minlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirməsinə imkan yaratmalıdır. Azərbaycan bu xüsusda beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə güvənir", - XİN-dən bildirilib.