logo

Azay Quliyev Tofiq Yaqublunun işinə obyektiv baxmağa çağırdı

14:30 07-09-2020 | icon 2863
Azay Quliyev Tofiq Yaqublunun işinə obyektiv baxmağa çağırdı

"Azərbaycan hüquqi dövlət olduğundan hər kəs insan hüquqları ilə bağlı məsələlərin ölkə daxilində hüquqi müstəvidə həllini istəyir".

 YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Tofiq Yaqublunun həbsinə münasibət bildirərkən deyib. 

“Bu baxımdan yanaşanda hesab edirəm ki, Tofiq Yaqublu barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayət apellyasiya instansiyasında obyektiv baxılacaq. Mən buna ümid edirəm. Bu iş tam obyektv araşdırılmalıdır. Ona görə bunu istəmirik ki, Azərbaycana hansısa beynəlxalq təşkilatdan təzyiq edilir və yaxud da çağırışlar var. Dediyim kimi, Azərbaycan dövləti özü vətəndaşın hüquqlarının təminatında maraqlıdır. Ölkəmizdə instansiya məhkəmələri mövcuddur. Birinci instansiyadan narazı qalan vətəndaş daha yuxarı məhkəmə orqanlarına özünün şikayətini verə bilər”.

Xatırladaq ki, Nizami rayon Məhkəməsinin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu  avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edib, onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etmir və özünü təqsirli bilmir.