logo

Bu gün “Qarabağ” və “Neftçi”nin rəqibləri müəyyənləşəcək

10:59 31-08-2020 | icon 3472
Bu gün “Qarabağ” və “Neftçi”nin rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsində “Qarabağ”ın, UEFA Avropa Liqasında II təsnifat mərhələsində isə “Neftçi”nin rəqibləri bəlli olacaq.

 YeniAvropa xəbər verir ki, ilk iki mərhələdə Şimali Makedoniyanın “Sileks” (4:0) və Moldovanın “Şerif” (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası yenə səpələnmişlər səbətində yer alacaq. Yəni Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin rəqibi daha aşağı reytinqlilərdən ibarət “Səpələnməmişlər” səbətindən çıxacaq.

Potensial rəqiblər isə Norveçin “Mölde”, Danimarkanın “Midtüllann”, Macarıstanın “Ferentsvaroş”, Kiprin “Omoniya” və Belarusun “Dinamo” (Brest) komandalarıdır. Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.

“Neftçi” isə püşkatmada aşağı reytinqlilərdən ibarət “Səpələnməmişlər” səbətində qərarlaşacaq. Artıq potensial rəqiblərin sayı 3-ə enib. Bunlar Rusiyanın “Dinamo”, Türkiyənin “Qalatasaray” və Qazaxıstanın “Kayrat” klublarıdır.

Tədbirdə 47 cütün tərkibi müəyyənləşəcək. Komandalardan 17-si UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində uduzanlardan ibarət olacaq.

Onların arasında Bakıda “Qarabağ”a 0:4 hesabı ilə yenilən Şimali Makedoniya “Sileks”i də yer alıb. Daha 3 klub Çempionlar Liqasının ilkin mərhələsində məğlubiyyətlə üzləşənlərdir. Beləliklə, üst-üstə 20 klub üçün Çempionlar Yolu üzrə püşkatma keçiriləcək.

Əsas Yola gəldikdə, 27 iştirakçı mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Daha 47 klub I təsnifat mərhələsinin qalibləridir ki, onların arasında Azərbaycan təmsilçilərindən yalnız “Neftçi” yer alıb.

Qeyd edək ki, püşkatma İsveçrənin Nyon şəhərində təşkil olunacaq. UEFA Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 14:00-da, UEFA Avropa Liqasının isə saat 15:00-da başlanacaq.