logo

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

10:31 14-07-2020 | icon 511
Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

İyulun 13-ü axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib. Sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecəboyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb. Belə ki, artıq iyulun 14 -ü səhər saat 9-dan etibarən Quba–Xınalıq yolunda hərəkət bərpa olunub.

Hazırda bu yolda heç bir hərəkət məhdudiyyəti yoxudur.