logo

Növbəti buraxılış imtahanları  iyunun 24-25-də keçiriləcək

16:58 17-06-2020 | icon 3311
Növbəti buraxılış imtahanları  iyunun 24-25-də keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə iyunun 24-də və 25-də keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

DİM-dən YeniAvropa-ya bildirilib ki, digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəiçi günlərində keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi” hər imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, Naxçıvan–Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftəiçi günlərində Naxçıvanda təşkil olunacaq. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

Xatırladaq ki, iyunun 24-də və 25-də şəhər və rayonlara uyğun 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə, Cəlilabad, Masallı rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb.

Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.