logo

Azərbaycanda karantin ilin sonunadək davam edəcək

18:17 15-05-2020 | icon 343
Azərbaycanda karantin ilin sonunadək davam edəcək

Azərbaycanda karantin ilin sonunadək davam edəcək.

YeniAvropa xəbər verir ki, bu fikir Nazirlər Kabineti yanında Operativ Qərargahda KİV nümayəndələri üçün bu gün keçirilən brifinqdə səsləndirilib. Bugünkü mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iştirak ediblər.

Artıq məlumat verdiyimiz kimi, mayın 18-dən Azərbaycanda xüsusi karantin rejimi yenidən yumşaldılır. Tədbirdə ölkədə koronavirusla bağlı son vəziyyət haqda məlumat verilib.

Karantin rejimindən çıxışın növbəti mərhələsi...

İbrahim Məmmədov məlumat verib ki, bu, yumşaldılmanın üçüncü mərhələsi hesab oluna bilər. Yumşalma dövründə yoluxma hallarının sayında artım müşahidə olundu, amma maddi imkanlar möhkəmləndirilib. Azərbaycanda səhiyyə potensialı genişləndirilib: "Bütün bunlar bizə imkan verir ki, koronavirusa qarşı mübarizə ilə paralel olaraq həm də həyatımızı davam etdirək. Ötən dövr ərzində koronavirusla aktiv mübarizə mərəhələsində xaricdən asılılığımızı minimuma endirmişik. Bəzi məhsullar üzrə xaricdən asılılığı tam ləğv edə bilmişik".

Gündəlik 500 min tibbi maska istehsal edilir

İ. Məmmədov əlavə edib ki, gündə 500 min tibbi maska istehsal edilib. Bu isə yerli tələbatı tam təmin etməyə imkan verir. Ölkədə gündəlik 6 min kombinezon istehsal edilir. Modul tipli xəstəxanaların yaradılması və “Yeni klinika”nın koronavirusla mübarizəyə uyğunlaşdırılıb. Bu problemin öhdəsindən gəlmək üçün tibbi personalımızın maddi-texniki imkanı var.

Gəncədə infeksiyanın yayılmasının qarşısı müəyyən qədər alınıb

TƏBİB sədri Ramin Bayramlı bildirib ki, Gəncə şəhərində aparılan əks epidemik tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını müəyyən qədər almaq mümkün olub. Amma bu tədbirlər davam etdirilməlidir.

Onun sözlərinə görə, hər gün aparılan təhlillərə əsasən, karantin tədbirlərinin yumşaldılması və ya sərtləşdirilməsi barədə qərarlar qəbul edilir.

R.Bayramlı qeyd edib ki, ölkədə pandemiya ilə mübarizənin birinci mərhələsi ilk yoluxma faktının aşkarlanması ilə başlayıb: “Hazırda biz pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik. Aprelin 27-dən bəzi yumşaldılma tədbirlərinə başlanılıb. Təəssüflər olsun ki, bəzi ərazilərdə qaydalara məsuliyyətlə yanaşılmır. Artıq Yevlax rayonunda da 64 sakində koronavirus aşkarlanıb. Bu rayonda da ciddi epidemioloji tədbirlərin görülməsinə ehtiyac var”.

İkinci yoluxma dalğası təhlükəsi...

R.Bayramlı onu da bildirib ki, hazırda koronavirusaa yoluxmanın ikinci dalğasını yaşamaqdayıq: “Həftələrə diqqət yetirsək, 4-10 may həftəsində ən yüksək - 580 yoluxma olub. Bu həftə 480 yoluxma var, hətfənin sonuna kimi rəqəm artacaq”.

R. Bayramlı deyib ki, bu, ikinci yoluxma dalğası təhlükəsini göstərir: “Hazırda ikinci dalğanı yaşamaqdayıq. Gələcək həftələrdə göstəricilərin azalacağı, yüksələcəyi bizim sosial məsuliyyətimizdən asıldıır”.

Koronavirusa yoluxanların və dünyasını dəyişənlərin yaş göstəriciləri...

R. Bayramlı deyib ki, yoluxanların 54,7 faizi Bakıda, 10,3 faizi Aran zonasında, 10,2 faizi Lənkəranda olub: “Xaricdən idxal olunan infeksiya isə 7,7 faizdir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, testdən keçənlərin 1,7 faizində yoluxma üzə çıxır.

O bildirib ki, yeni növ koronavirus infeksiyasına yoluxanların 22 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 5 faizi 0-9 yaş arasındadır, 80 yaş üzərində isə 2 faiz yoluxma halları var.

R. Bayramlı əlavə edib ki, koronavirusa yoluxanların 57 faizi qadınlar, 43 faizi isə kişilərdir.

Ramin Bayramlı, həmçinin bildirib ki, 60-69 yaş arası vəfat edənlər 36 faiz, 40-49 yaş arası ölənlər 6% (ötən həftə ilə müqayisədə 1 faiz artıb), 80 yaşdan yuxarı vəfat edənlər 11 faiz, 70-79 yaş arası 25%, 50-59 yaş arasında isə 22 faiz təşkil edib.

"Bakı Tikiş Evi"ndə 64 yoluxma...

Ramin Bayramlı məlumat verib ki,  "Bakı Tikiş Evi"ndə 64 nəfər virusa yoluxub və onların müalicəsi hazırda davam edir. Eləcə də ölkədə 46 məhbus koronavirusa yoluxub. Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub.

R.Bayramlı əlavə edib ki, yoluxmanın yüksək olmasına görə hüquqi şəxslər məsuliyyət daşıyırlar. Belə ki, qaydalara əməl etməyən hüquqi şəxslər cinayət məsuliyyəti daşıyırlar. İndiyə qədər yoluxanların 1,2 faizi, yəni 36 nəfər vəfat edib. "1976-cı il təvəllüdlü şəxsimiz gecikmiş halda müraciət edib və bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Belə hallar çoxdur, evdə özlərini müalicə etməyə çalışırlar. İndiyə qədər ağır hallar da əsasən vaxtında müraciət etməməyin nəticəsində yaranıb. Xüsusən paralel gedən xəstəlikləri olanların gec müraciət etməsi daha çox problemə səbəb olur”.

Bayram günləri və həftə sonları məhdudiyyətlər ...

R.Bayramlı bildirib ki, bayram günləri və həftə sonları məhdudiyyətlərin tətbiqi qarşıdakı günlərdə nəzərdən keçiriləcək.

Bu, yoluxmanın səviyyəsi ilə bağlı olacaq və müvafiq qərar veriləcək.

Azərbaycana gətirilənlərin 20 faizində koronavirus aşkarlanıb

R. Bayramlı onu da bildirib ki, çarter reysləri ilə Azərbaycana gələnlərin 20 faizində koronavirus aşkarlanıb. Buna görə də həm tibbi maska istifadə edilməli, həm də sosial məsafə qorunmalıdır.

Qaydalara riayət etməyənlər cəzalandırılacaq

R.Bayramlı məlumat verib ki, 10-14 gün sonra ortaya çıxacaq göstəricilərə əsasən növbəti mərhələlərlə bağlı qərar veriləcək: "SMS-lə evdən çıxmaq ləğv edilsə də, insanlar küçələrə, bulvara və parklara axın etməməlidir. Hər bir vətəndaşımız məsuliyyətli olmalıdır". TƏBİB rəhbəri qeyd edib ki, restoran və çay evlərində müvafiq tibbi-metodik göstərişlərə əməl olunmalıdır. Qaydalara əməl etməyənlər inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Azərbaycanda karantin ilin sonunadək davam edəcək

Ramin Bayramlı deyib ki,  dünyada sərt karantin rejimi əvəzinə insanları virusla birgə yaşamağa öyrəşdirməyə başlayıblar. Çünki yaxın 1 il ərzində vaksinin əldə olunacağı gözlənilmir: “Virusu orqanizmdən kənarlaşdırmaq üçün dərman da yoxdur. Bütün amillər deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq"-.

TƏBİB rəhbəri əlavə edib ki,  Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək.

İri ticarət mərkəzləri nə vaxt açılacaq?

İbrahim Məmmədov bildirib ki, iri ticarət mərkəzləri ilə bağlı qadağalar hələ ki qüvvədədir. Çünki bu cür yerlər insanların kütləvi toplaşdığı obyektlərdir.

Buna görə də belə yerlərdə yoluxma təhlükəsi çox ola bilər. Bu səbəbdən onların açılması hələ ki nəzərdə tutulmur. Təəssüflər olsun ki, yoluxmanın statistikası hələlik iri ticarət mərkəzlərinin açılmasına imkan vermir.

İ.Məmmədov bildirib ki, Azərbaycanda sarı zonadan narıncı zonaya gediş-gəliş qadağandır: "Bakıda işləyənlər Azərbaycanın başqa yerlərindən şəhərə gələ bilirlər. Naxçıvandan isə gediş-gəliş sadəcə texniki baxımdan mümkün deyil. Çünki bu səfər təyyarə ilə həyata keçirilir, bu da 1-2 nəfər üçün mümkün deyil. Yəni kontingent olmalıdır ki, təyyarə uçuş edə bilsin. Bütövlükdə yolların açılması, gediş-gəlişin bərpası müzakirə olunan, arzu olunan məsələdir. Növbəti mərhələlərdə bu məsələ aktuallaş bilər".

Virus dəniz suyunda çox qalmır                                       

R.Bayramlı deyib ki, dəniz suyunda virusun ömrü çox az olur, yoluxma ehtimalı aşağı səviyyədədir. Lakin çimərliklərin fəaliyyətinə hələ yaxın günlərdə baxılacq. 

O bir daha xatırladıb ki, restoran və kafelərə girişlə bağlı xüsusi qaydalar müəyyənləşib: “Orada sosial məsafə gözlənilməli, işçilər tibbi maska taxmalıdırlar. Masalar arasında məsafə ilə bağlı qaydanı pozan kafe və restoranlar ciddi cəzalandırılacaq”.