logo

Türkiyədə "S-400" komplekslərinin qurulması prosesi davam edir

13:55 08-05-2020 | icon 343
Türkiyədə "S-400" komplekslərinin qurulması prosesi davam edir

Türkiyə Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərinin qurulması prosesini davam etdirir.

YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin katibliyi məlumat yayıb. “S-400 zenit-raket komplekslərinin qurulması prosesi davam edir. Artıq müəyyən elementlər istifadəyə verilib”, - deyə katibliyin rəhbəri İsmayıl Dəmir bildirib. Onun sözlərinə görə, sistemlərə yalnız türk kompaniyalarının və hərbçilərinin tam girişi olacaq.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Rusiyanın hava hücumundan ən yeni müdafiə sistemləri S-400 zenit-raket kompleksləri 2019-cu il iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.

Uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Fəaliyyət radiusu 400 kilometrə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir.