logo

“ASAN Viza” ilə elektron vizaların rəsmiləşdirilməsi dayandırılır

19:20 12-03-2020 | icon 2170
“ASAN Viza” ilə elektron vizaların rəsmiləşdirilməsi dayandırılır

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır. Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunur. Azərbaycan Respublikasının səfirlik və baş konsulluqlarının konsulluq xidməti xüsusi rejimdə fəaliyyət göstərəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi siyahıya əsasən xüsusilə COVID-19 virusunun geniş yayıldığı ölkələrin vətəndaşlarından viza rəsmiləşdirilməsinə müraciət edərkən COVID-19 testindən keçmələri barədə tibbi arayış da tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da şamil ediləcək.

Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin əcnəbi ölkə vətəndaşları COVID-19 testindən keçirilə bilər.

Çin, Cənubi Koreya, İran, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan vətəndaşları 14 və ya tələb olunduğu halda, 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.

Bütün vətəndaşlardan COVID-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur.

Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı ölkələri, xüsusilə İtaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizin aidiyyəti səfirlik və konsulluqlarında konsulluq qeydiyyatına düşmələri və olduqları ölkələrin COVID-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri xahiş olunur.

Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.