logo

Bu gün Yel çərşənbəsidir

10:55 10-03-2020 | icon 2338
Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd edilir.

 YeniAvropa xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar:

A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən dağılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir.

Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir.

İnanca görə, Yel çərşənbəsində hava təmizlənir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.

Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi martın 17-də qeyd olunacaq.

Bu il Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.

Yel çərşənbəniz mübarək!