logo

Çində koronavirusdan ölənlərin sayı 1524-ə çatıb

10:21 15-02-2020 | icon 252
Çində koronavirusdan ölənlərin sayı 1524-ə çatıb

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 66 min 578, bu virus səbəbindən ölənlərin sayı isə 1524 nəfərə çatıb. Ötən sutka ərzində 2641 yoluxma və 143 ölüm faktı qeydə alınıb. Ölüm hallarından biri paytaxt Pekində baş verib.

 YeniAvropa xəbər verir ki, bu haqda Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Xəbərdə bildirilir  ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 8123 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin sayında isə artım davam edir. İndiyədək 8123 nəfər sağalaraq xəstəxananı tərk edib. Həkimlər onların yenidən virusa yoluxmalarını istisna etmirlər.

Virusa yoluxanlardan 11 min nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 513 min nəfəri müəyyən edib, onlardan 169 mini həkim nəzarətinə alınıb.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (2277 nəfər) və ölüm (139 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə ümumilikdə 521 nəfərin virusa yoluxması faktı qeydə alınıb. Çinin hüdudlarından kənarda - Filippində və Yaponiyada iki ölüm faktı qeydə alınıb.