logo

Erkin Qədirli: "Mənə qazandığımdan da artıq səs yazıblar"

14:16 10-02-2020 | icon 2149
Erkin Qədirli: "Mənə qazandığımdan da artıq səs yazıblar"

Dairədə rəqəmlərdə şişirtmələr olub. Mənə qazandığımdan da artıq səs yazıblar. 

YeniAvropa xəbər verir ki, bu sözləri parlament seçkilərində 16 saylı Yasamal ikinci Seçki Dairəsindən deputatlığa namizəd, MSK-nın elan etdiyi ilkin nəticələrə görə  seçkinin lideri olan “REAL”ın üzvü  Erkin Qədirli keçirdiyi mətbuat konfransında səsləndirib.

E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: “Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.

 Onun sözlərinə görə, yalnız 5 məntəqədə problem yaşanıb % “Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi. İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.

 E. Qədirli daha sonra əlavə edib ki, yazılan artıq səsdən MSK-ya şikayət ediləcək: “Dairədə rəqəmlərdə şişirtmələr olub. Mənə qazandığımdan da artıq səs yazıblar. Amma bu şişirdilmiş rəqəmləri hesablamasaq belə, mən yenə də qalib gəlmişəm. Lakin müşahidəçilərimizdən qeydlər götürmüşəm, mənə artıq səslərin yazılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyəm. Bizim dairəmizdə 5 məntəqənin nəticələrinin ləğv edilməsini istəyəcəyik.

Mən deputat mandatından imtina etmək məsələsi ilə bağlı İlqar Məmmədovla və digər dostlarla, müşahidəçilərlə məsləhətləşdim. Bu günə kimi çox vəzifələrdən imtina etmişəm. Amma bu dəfə halal səsimlə qalib gəlmişəm, buna görə də mandatdan imtina etməyəcəyəm. Mən parlamentə gedirəm”.

Erkin Qədirli sonda bildirib ki, hakimiyyət onu parlamentdə görmək istəyir: “Bəlkə də buna görə həmin dairədən güclü namizəd irəli çıxarmadılar. Amma mən heç bir pərdəarxası görüşdə, anlaşmada iştirak etməmişəm”.