logo

Çində Yaz bayramı tətilində 3 milyard səfər gözlənilir

09:31 15-01-2020 | icon 189
Çində Yaz bayramı tətilində 3 milyard səfər gözlənilir

Şərq ölkələrinin ay təqvimi ilə Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu il miladi təqvimlə yanvarın 25-nə təsadüf edən Ay yeni ili Çində həm də Yaz festivalı adlanır. Rəmzi olaraq ailə vəhdəti bayramı hesab olunan tətildə əhalinin böyük hissəsi ölkə daxilində və xaricə səyahətə gedirlər. Elə bu səbəbdəndir ki, festival ərəfəsində və bayram günlərində nəqliyyatda böyük sıxlıq müşahidə olunur.

Yaz festivalının başlamasından 15 gün əvvəl ölkədə səyahət dövrü başlayır. Çin Milli İnkişaf və İslahat Komissiyasının proqnozlarına əsasən, yanvarın 10-dan fevralın 18-dək davam edəcək builki bayram günlərində ümumilikdə 3 milyard səyahət gözlənilir. Səyahətlərin əsas hissəsinin (təxminən 2,43 milyard) fərdi avtomobil və şəhərlərarası avtobuslarla həyata keçiriləcəyi gözlənilir. Dəmir yolu ilə səfərlərin sayı 440 milyon proqnozlaşdırılıb ki, bu da əvvəlki ildən 8 faiz çoxdur.

Çin Mülki Aviasiya Administrasiyası bayram tətili dövründə hava nəqliyyatı ilə səfərlərin sayının təxminən 79 milyona çatacağının güman olunduğunu açıqlayıb. Bu da əvvəlki illə müqayisədə 8,4 faiz artım deməkdir. Bəzən gündəlik uçuşların sayı 16 mini ötəcək. Təkcə Pekindəki iki beynəlxalq hava limanından 76 min 400 uçuşun reallaşması planlaşdırılıb.

Su nəqliyyatı ilə səyahətlərin sayında isə 9,6 faiz artım gözlənilir.