logo

Yol polisi sürücülərə və piyadalara müraciət edib

12:11 04-12-2019 | icon 217
Yol polisi sürücülərə və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

İdarədən  YeniAvropa -ya bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.

Bununla əlaqədar olaraq yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobili idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər, yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.

Həmçinin piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıcı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük vermək, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamaq tövsiyə edilib.