logo

Türk axını” qaz kəmərinin işə düşəcəyi vaxt açıqlandı

20:55 30-11-2019 | icon 259
Türk axını” qaz kəmərinin işə düşəcəyi vaxt açıqlandı

“Türk axını” qaz kəmərinin açılış mərasimi gələn il yanvarın 8-də İstanbulda olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədirnə vilayətində TANAP qaz kəmərinin açılış mərasimində çıxışı zamanı məlumat verib.

“Biz yanvarın 8-də İstanbulda daha bir qaz kəmərinin - “Türk axını” xəttinin açılışını edəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Rusiyanın “Qazprom” şirkəti Anapa şəhəri sahillərindən Türkiyədəki qəbul məntəqəsinə qədər bütün marşrut üzrə qaz kəmərinin hər iki qolunu mavi yanacaqla doldurub.

“Türk axını” kəmərinin hər biri 15,75 milyard kubmetrlik iki qolu Qara dənizin dibi ilə çəkilib. Onlardan biri Rusiya qazının türkiyəli istehlakçılar, digəri isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya qazı hazırda Serbiyada inşası davam edən xətt ilə Türkiyədən Avropaya çatdırılacaq. 402 kilometrlik bu xəttin buraxılış qabiliyyəti girişdə 12,87 milyard kubmetr, çıxışda isə 10 milyard kubmetr təşkil edəcək. Layihənin əsas sifarişçisi “Gastrans” kompaniyasıdır.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov “Türk axını” qaz kəmərinin açılış mərasimində Vladimir Putinin də iştirak edəcəyini bildirib.