logo

Bakıda bələdiyyə seçkilərinə həsr olunan seminar keçirilib

10:59 04-11-2019 | icon 203
Bakıda bələdiyyə seçkilərinə həsr olunan seminar keçirilib

Noyabrın 4-də "Park İnn" hotelində  Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə  dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib.

 YeniAvropa xəbər verir  ki,vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə yönələn tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov çıxış edərək bildirib ki, dünyanın heç bir yerində ideal seçki mümkün deyil, çünki seçkilərdə milyonlarla insan iştirak edir: "Qarşımıza qoyulan məqsəd mükəmməlliyin model olaraq hədəf seçilməsidir. Demokratiya ilə bağlı bu gün bizə qoyulan tələb yüz illərlə demokratiya və seçki təcrübəsinin olduğu ölkələrlə eynidir".

Sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun, Mərkəzi Seçki Komissiyasının və Komissiya nəzdində ekspert qrupunun üzvləri Bəxşeyiş Əsgərovun və Ramiz İbrahimovun vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərə baxılmasına dair müxtəlif mövzularda məruzələri dinlənilib və təqdimatlar keçirilib.

Xatırladaq ki, seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə oktyabrın 29-da Gəncədə, 31-də Şəkidə və noyabrın 2-də Masallı şəhərində də keçirilib.