logo

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi

14:10 31-10-2019 | icon 231
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən YeniAvropa-ya verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə də rast gəlinir. Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, nəqliyyat vasitəsini 8-10 saat fasiləsiz idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdud görmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.

Təəssüf ki, bu kimi mənfi hallar daha çox sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur. Bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirilməsi, hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması və sərnişinlərin də bu qaydaya əməl etməsi lazımdır. Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşmək, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkoqollu içki qəbul etmək olmaz.

Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl etmək, intizamsız sürücülərə münasibətdə isə səbirli və təmkinli olmaq lazımdır.

“Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısamüddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə insanın həyatıdır”, - deyə müraciətdə qeyd olunub.