logo

Bakı Polisi cinsi azlıqları 2 noyabr aksiyasına cəlb edəcəklərini yalanladı

13:33 31-10-2019 | icon 2268
Bakı Polisi cinsi azlıqları 2 noyabr aksiyasına cəlb edəcəklərini yalanladı

Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtəlif polis bölmələrinə qeyri-forma görüşə çağırılaraq, aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyatdır.

YeniAvropa xəbər verir  ki, bu barədə  Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur. Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət edilib və həmin şəxslərlə izahedici söhbətlər aparılıb. Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür, bu söhbətlərin məzmunu bilərəkdən və məqsədli şəkildə cəmiyyətə başqa formada çatdırılır.

E.Hacıyev vurğulayıb ki, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir. Kimlərinsə sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir.