2018-ci ildə Yunanıstan 33 milyon turist qəbul edib ki, bu da ölkə tarixində rekord göstəricidir.
YeniAvropa xəbər verir ki, bu barədə Yunanıstanın turizm naziri Elena Kuntura yerli “Alpha TV” kanalına müsahibəsində bildirib. O, bu tarixi rekordun qazanılmasında əməyi keçən hər kəsi təbrik edib.
Xanım nazir daha sonra turizm sahəsinin Yunanıstana 2018-ci ildə 16 milyard avro gəlir gətirdiyini qeyd edib.
Turizmin Yunanıstanın iqtisadiyyatına müsbət təsirindən danışan nazir, bu sahənin istehsalatın, ticarətin və tikintinin inkişafında əhəmiyyətini vurğulayıb. Nazirliyin turizm strategiyasından danışan Elena Kuntura 2019-cu ildə Brexit baş tutarsa bəzi çətinliklərin olacağı barədə məlumat verib. Xüsusilə ucuz hava uçuşlarının azalması nəticəsində ingilis turistlərin azalması və digər problemlərin baş tutacağı mümkünlüyünü qeyd edib. Bunun üçün nazirliyinin britaniyalı və digər Avropa turizm sənayesinin operatorları ilə görüşlərin tezliklə baş verəcəyini planlaşdırdıqlarını söyləyib.