logo

ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edir

12:58 30-01-2019 | icon 2758
ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edir

Tramp administrasiyası Venesuelaya qarşı sanksiyalar tətbiq olunmasını elan edib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ağ Evdə keçirdiyi brifinqdə Venesuelanın "PDVSA" dövlət neft şirkətinə qarşı qəbul edilmiş sanksiyalar paketi barədə ətrafı məlumat verib. Qeyd edilib ki, "PDVSA"ya qarşı sanksiyalar yanvarın 28-də qüvvəyə minib, şirkətin milyardlarla dollarlıq aktivləri, o cümlədən ixrac hesabına yaranmış 11 milyard dollar məbləğində daxilolmalar dondurulub.

YeniAvropa xəbər verir  ki,  "PDVSA" şirkətinin törəmə müəssisəsi olan  "Citgo Petroleum" ABŞ ərazisində işini davam etdirəcək, lakin sanksiyalar ləğv edilənə qədər vəsaitləri Venesuelaya köçürə bilməyəcək. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydonu, Venesuela Milli Məclisini və Venesuela xalqının ölkədə demokratiyanın bərpa olunmasına yönəlmiş səylərini dəstəkləmək üçün bütün diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə hazırdır.

Xatırladaq ki, ötən həftə Tramp Venesuela müxalifətinin lideri Xuan Quaydonu rəsmən bu ölkənin prezidenti kimi tanıyıb.

Prezident Nikolas Madura isə öz növbəsində, bilavasitə ABŞ prezidentinə müraciət edərək deyib: “Donald Tramp, Venesuelanın işlərinə qarışmayın! Venesueladan əl çəkin!”