NATO-nun baş katibi Yens Stoltenberq mart ayında Gürcüstana səfər edəcək.
YeniAvropa yereli KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib. Onun sözlərinə görə, baş katiblə yanaşı, Alyansın digər yüksək vəzifəli rəsmiləri də Gürcüstana səfər edəcəklər.
“Məqsəd NATO-Gürcüstan əməkdaşlığını daha da genişləndirməkdir. Bununla bağlı il ərzində bir neçə qarşılıqlı səfər nəzərdə tutulur”, – deyə D.Zalkaliani vurğulayıb.
Qeyd edilib ki, səfərin əsas məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirələr aparmaq, əməkdaşlığı daha da möhkəmləndirməkdir. Baş katib, mart ayında Gürcüstanda keçiriləcək “NATO-Gürcüstan: 2019” hərbi təlimlərini də izləyəcək.
Xatırladaq ki, bundan əvvəl Gürcüstanın NATO-ya üzv qəbul olunmasına toxunan Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm ölkə, həm də Alyans qərar verməlidir :"Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur".