Fevralın 1-də keçiriləcək futbol üzrə Asiya kubokunun finalında Qətər millisi Yaponiya yığması ilə qarşılaşacaq.
YeniAvropa xəbər verir ki, bu, yanvarın 29-da keçirilən sonuncu yarımfinal qarşılaşmasından sonra bəlli olub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Mohammad Bin Zayed” stadionunda keçirilən görüşdə ev sahibi komanda Qətər millisi ilə üz-üzə gəlib. Qarşılaşma 4:0 hesabı ilə Qətər yığmasının xeyrinə başa çatıb.
Oyunda ilk qolun müəllifi 22-ci dəqiqədə Bualem Xouxi olub. Görüşün 37-ci dəqiqəsində Almoez Ali ikinci qolu meydan sahiblərinin qapısından keçirib. Matçın 81-ci dəqiqəsində Hassan Al Haidos ev sahiblərini üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Matçda son nöqtəni 90-cı dəqiqədə Hamid İsmail qoyub – 4:0.
Beləliklə, Qətər millisi Birləşmiş Ərəb Əmirlikləri yığmasını 4:0 hesabı ilə darmadağın edərək futbol üzrə Asiya kubokunun finalına yüksəlib. Qətərlilər finalda Yaponiya milli komandası ilə qarşılaşacaqlar. Final görüşü fevralın 1-də Bakı vaxtı ilə saat 18:00 da “Zayed Sport Siti” stadionunda keçiriləcək.
Xatırladaq ki, Yaponiya yığması yarımfinalda İran millisini 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.