logo

Bakının da ev sahibliyi edəcəyi “Avro 2020”nin başlamasına 500 gün qalır

13:51 29-01-2019 | icon 3325
Bakının da ev sahibliyi edəcəyi “Avro 2020”nin başlamasına 500 gün qalır

Gələn il keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına 500 gün qalır.

YeniAvropa xəbər verir  ki, çempionatın 60 illik yubileyinə həsr olunacaq qitə birinciliyinin final mərhələsinin 4 oyununa Bakı ev sahibliyi edəcək. Azərbaycan paytaxtında A qrupunun 3 oyunu (13, 17, 21 iyun) və dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) təşkil olunacaq. Oyunların hamısı Azərbaycanın ən böyük stadionunda – 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək. Bilet satışına iyunun 12-də başlanması planlaşdırılır.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək turnirin bütün qitəni əhatə etməsi məqsədilə UEFA İcraiyyə Komitəsi 2012-ci ildə qərar qəbul edib. Həmin vaxt UEFA-nın baş katibi vəzifəsində çalışan FIFA-nın hazırkı prezidenti Cianni İnfantino bu qərarı belə şərh etmişdi: “Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik”.

2020-ci ildə Avropa çempionatı 12 müxtəlif ölkənin 12 şəhərindəki eyni sayda stadionda keçiriləcək. Bu 12 arenanın hər birində qrup mərhələsinin ən azı 3 oyunu və pley-off mərhələsinin bir görüşü təşkil olunacaq. “Avro 2020”nin final matçını Londondakı “Uembli” stadionu qəbul edəcək.

Qeyd edək ki, “Avro 2020”nin 2019-cu ilin martından noyabrınadək keçiriləcək seçmə mərhələsi nəticəsində 20 komanda final mərhələsinə yüksələcək. Digər dörd lisenziyaya isə UEFA Millətlər Liqasında ilk dörd yeri tutan komandalar sahib olacaq.

UEFA-nın üzvü olan 55 ölkənin hər birinin milli komandasının seçmə mərhələdə yarışmaq hüququ var və komandalar 10 qrupa bölünüb. Qrupların beşində beş, digər beşində isə altı komanda yer alıb. Hər qrupdan ən yaxşı nəticə göstərən iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq.