ABŞ ordusunun təxminən 600 hərbçisi Suriyada Fərat çayından şərqdə yerləşən Hərbi Hava Qüvvələrinin iki bazasına gəlib.
YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, dünən onlar ABŞ-ın hərbi kontingentinin Suriyadan çıxarılmasında istifadə olunacaq əsas məntəqələr - Hələb əyalətinin Harab Işk və Sırrin bölgələrindəki bazalarda yerləşdirilib. Hasəkə əyalətindəki daha iki hərbi baza isə ağır silahların ölkədən çıxarılması üçün istifadə ediləcək.
Xatırladaq ki, yanvarın 24-də "CNN" telekanalı ABŞ hərbçilərini Suriyadan təhlükəsiz şəkildə çıxarmaq üçün bu ölkəyə əlavə qoşun kontingenti göndərdiyi barədə məlumat yaymışdı.
Bundan öncə, dekabrın 19-da isə ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş vermişdi. O özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazmışdı. ABŞ rəsmilərinin sözlərinə görə, sayı iki minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına iki-üç ay vaxt lazım gələcək.