Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda prezident seçkiləri elan olunmayacağı təqdirdə, Venesuela Milli Assambleyasının sədri Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıya bilər.
YeniAvropa ” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federiko Moqerinin bəyanatında deyilir. "Yaxın vaxtlarda yeni seçkilərin təşkili elan olunmayacağı təqdirdə, Aİ, o cümlədən Venesuela konstitusiyasının 233-cü maddəsinə müvafiq olaraq ölkə rəhbərliyinin tanınması məsələsi ilə bağlı növbəti addımını atacaq", - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Aİ mayda Venesuelada keçirilən prezident seçkilərinin azad, ədalətli və etimadı doğruldan olmaması ilə bağlı mövqeyini təsdiq edir.
"Ölkəyə təcili olaraq Venesuela sakinlərinin həqiqətən iradəsini təmsil edən hökumət lazımdır", - deyə press-relizdə vurğulanır.
Xatırladaq ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Bunun ardınca ABŞ prezidenti Donald Tramp, eləcə də bir neçə ölkə rəhbəri müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.