logo

Trampa NATO-dan çıxmağı qadağan etdilər

17:49 23-01-2019 | icon 2807
Trampa NATO-dan çıxmağı qadağan etdilər

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın NATO-dan çıxmasını qadağan edən qanun layihəsini təsdiq edib.YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, qanun layihəsinin müəllifi olan demokrat Cim Panettanın bəyanatında göstərilib ki, bu sənəd “Prezidentin alyansdan çıxmaqla bağlı bütün cəhdlərini və bunun üçün dövlət vəsaitlərindən istifadə etməsini” qadağan edir. Bundan başqa, yeni qanunla NATO-ya üzv dövlətlərin öz ÜDM-lərinin ən azı 2 faizini müdafiə məqsədlərinə və Rusiyanın potensial təcavüzünə qarşı Avropa təşəbbüsünə maliyyə vəsaiti kimi ayrılması dəstəklənir.

Xatırladaq ki, yanvarın ortalarında prezident Tramp öz şəxsi söhbətlərində bir neçə dəfə NATO-dan çıxmaq arzusunu ifadə edib. “The New York Times” yazır ki, bu qərarın reallaşdırılması Şimali Atlantika Alyansının tamamilə dağılması deməkdir.

2018-ci ilin yayında keçirilən NATO-nun sammitində ABŞ prezidenti özünün milli təhlükəsizlik üzrə müşavirlərinə deyib ki, alyansın mövcudluğunun heç bir mənası yoxdur və bu təşkilatı tərk etmək lazımdır. O, alyansın digər üzvlərinin üzvlük haqqının az olmasını da bir neçə dəfə bəyan edib. Tramp hesab edir ki, üzv dövlətlərin üzvlük haqqı ÜDM-nin 2 faizi deyil, ən azı 4 faizi səviyyəsində olmalıdır. Çünki ABŞ NATO-ya onların hamısından çox – ÜDM-nin 3,58 faizini ödəyir.