Fevralın 5-də Çin təqvimi ilə Yeni il – sarı donuz ili başlanacaq.
YeniAvropa xəbər verir ki, Çində Ay təqvimi ilə müəyyən edilən Yeni ilin başlanğıcı qış gün dönümündən (21 dekabr) sonra Ayın ikinci dəfə bədirləndiyi tarixə düşür. Beləliklə, Çində Yeni ilin başlanğıcı yanvarın 21-dən fevralın 20-dək müxtəlif tarixlərə təsadüf edir.
2019-cu ildə planetin əhalisinin dörddə bir hissəsi üçün Yeni il fevralın 5-də başlanacaq. Çinin materik hissəsində, Honkonq, Makao və Tayvan küçələrində və yerli sakinlərin evlərində bayram münasibətilə bəzək işləri başlanıb. Sinqapurda, Cənubi Koreyada və bütün dünyanın çinlilər yaşayan məhəllələrində bu bayramı səbirsizliklə gözləyirlər.
4000 ildən çox tarixə malik olan Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çinlilər özləri Yeni ili bahar bayramı adlandırırlar.
Ənənəyə görə Yeni il bayramı münasibətilə gəzintilər 16 gün davam edir. 2019-cu ildə Çində Yeni il gəzintiləri fevralın 19-dək davam edəcək. Bayramın sonuncu günü Fənərlər bayramı adlanır.
2019-cu il fevralın 4-dən 10-dək Çində rəsmən qeyri-iş günləridir.