Həftənin əvvəlindən etibarən Zimbabvedə başlayan kütləvi etirazları hökumətin güc tətbiqi yolu ilə yatırmaq cəhdləri nəticəsində 172 nəfər xəsarət alıb. Onlardan 68-si müxtəlif güllə yarası alıb, 3 etirazçı ölüb. Ölənlərdən biri məktəbli uşaqdır.
YeniAvropa xəbər verir ki, bu barədə Zimbabvenin İnsan Haqları üzrə Həkimlər Assosiasiyası məlumat yayıb.
Qeyd olunub ki, güllə yarası alanlardan 17-nə cərrahi müdaxilə edilib. Lakin hökumət qüvvələri yaralıların xəstəxanalara getməsinin qarşısını alır və xəstəxanada isə olanları həkimlərn etirazlarına baxmayaraq, məcburi şəkildə apararaq yaralı halda məhkəməyə çıxarırlar.
Zimbabvedəki etirazlara ötən həftə ölkənin yeni prezidenti Emmerson Mnanqaqvanın yanacaq qiymətlərinin 200% artırıldığını elan etməsi səbəb olub. Əhali bildirib ki, ölkəni 30 ildir idarə edən Robert Muqabenin 2017-ci ildə çevrilişlə devrilməsindən sonra yeni prezidentin söz verdiyi kimi, iqtisadiyyatı dirçəldəcəyinə ümid ediblər. Lakin əksinə, vergilər çoxalıb, inflyasiya artıb və hökumət etirazları zorla yatırır.
Xatırladaq ki,Zimbabve prezidenti Emmerson Mnanqaqva yanvarın 14-də Rusiyaya 3 günlük səfərə gəlib. Onun yaxın vaxtlarda Azərbaycana da səfər edəcəyi gözlənilir.