FIFA “DÇ-2022”də iştirakçı komandaların sayının artırılması məsələsini müzakirə edəcək
FIFA 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatında iştirakçı komandaların sayının artırılması məsələsini müzakirə edəcək.
YeniAvropa “TASS” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino bildirib.
O deyib ki, məsələ FIFA-nın bu gün Mərakeşdə keçiriləcək sammitində müzakirə ediləcək. Sammitdə, həmçinin futbolun və xüsusilə qadın futbolunun inkişafı ilə bağlı məsələlərə də baxılacaq.
Xatırladaq ki, Qətərdə keçiriləcək dünya çempionatının bəzi matçlarının qonşu ölkələrdə oynanıla biləcəyi barədə fikirlərə mətbuatda tez-tez rast gəlinir. Qətər 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək çempionata ev sahibliyi edəcək. Yarışın final matçı 80 min tamaşaçı tutumuna malik “Lusail” stadionunda oynanılacaq.
FIFA 2026-cı ildə keçiriləcək XXIII dünya çempionatının final mərhələsində komandaların sayının 48-dək artırılması ilə bağlı qərar qəbul edib. ABŞ, Kanada və Meksikanın birlikdə ev sahibliyi edəcəyi futbol üzrə XXIII dünya çempionatının final mərhələsində 48 milli komanda mübarizə aparacaq.
Otuz iki komandanın iştirak etdiyi indiki formatda mundial 1998-ci ildən keçirilir.