Yeniyetmə və gənc karateçilərdən ibarət yığma komandalarımız Xorvatiyada 28-ci Qran-Pri turnirində uğurla çıxış edib.
Azərbaycan Milli Karate Federasiyasından YeniAvropa-ya bildiriblər ki, idmançılarımız Samobor şəhərində keçirilən və 23 ölkədən 1621 karateçinin iştirak etdiyi ənənəvi yarışda 10 medal qazanıblar. Medallardan dördü qızıl, biri gümüş, beşi isə bürüncdür.
Turnirdə (kata) Roman Heydərov millimizin aktivinə iki qızıl medal yazdırıb. O, 18-20 yaşlı gənclər və böyüklər arasında yarışların qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsmayılov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb.
Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Mədinə Sadıxova (48 kq), Tural Yaqubov (hər ikisi 16-18 yaşlı gənclər, 68 kq), Müseyib Məmmədov (60 kq) və Emil Güləhmədov (hər ikisi 18-20 yaşlı gənclər, 84 kq) bürünc medallar qazanıblar.
Karateçilərimizi fevralın 8-10-da Danimarkanın Aalborq şəhərində Avropa çempionatı gözləyir. Bu məsul yarışa hazırlığın bir hissəsi kimi Xorvatiya Qran-Prisinə qatılan aşağı yaşlı seçmə komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcəklər.