Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Masters-2019” turnirinin ikinci turunda şahmatçılarımız Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla üz-üzə gələcək.
YeniAvropa xəbər verir ki, yanvarın 12-də start götürən bu nüfuzlu yarışın ilk turunu Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov heç-heçə ilə başa vurublar. Qeyd edək ki, Şəhriyar Məmmədov amerikalı şahmatçı Samuel Şankland, Teymur Rəcəbov isə rusiyalı Vladimir Kramniklə mübarizə aparıb.
Birinci turda Y. Nepomnyaşi və A. Vişvanatan 1 xal, M. Karlsen, L. Dinq, Y. K. Duda, V. Fedoseev, V. Kramnik, R. Rapport, S. Şanklanq, S. Vidit hərəyə yarım xal qazanıblar. A.Giri və V.Forest birinci turu məğlub tərk ediblər.
İkinci turda Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi (Rusiya), Vladimir Kramnik (Rusiya) Aniş Giri (Hollandiya), Riçard Rapport (Macarıstan) Samuel Şankland (ABŞ), Anand Vişvanatan (Hindistan) Vladimir Fedoseyev (Rusiya), Yan Kşiştof Duda (Polşa) Yorden Van Forest (Hollandiya), Liren Dinq (Çin) Santoş Viditlə (Hindistan) mübarizə aparacaq.
Dairəvi sistemlə keçirilən turnir 13 turdan ibarətdir. Turnir yanvarın 27-dək davam edəcək.