Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon söhbəti edib.
YeniAvropa xəbər verir ki, "Anadolu" agentliyi bu barədə diplomatik mənbələrə istinadla məlumat yayıb. İki dövlətin xarici siyasət idarələri rəhbərlərinin Suriyadakı son hadisələri müzakirə etdikləri bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək. Danışıqlarda tərəflərin bir sıra mövzuları, o cümlədən Suriyada vəziyyəti, PKK ilə mübarizəni, həmçinin konsulluq məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bir qədər əvvəl Suriyadan qoşunların çıxarılmasının İŞİD-ə və digər terror qruplaşmalarına qarşı ABŞ-la birgə vuruşanların, eləcə də YPG-nin təhlükəsizliyinin təmin olunması nəzərə alınmaqla həyata keçirilməli olduğunu bəyan edib. Rəsmi Ankara müşavirin bu sözlərinə kəskin reaksiya verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın terror birləşmələrinin təhlükəsizliyinə zəmanət verilməsi tələbini ciddi səhv adlandırıb. O bildirib ki, Boltonun Ankara səfərindən sonra Türkiyə istənilən vaxt Suriyada antiterror əməliyyatına başlaya bilər.