İranın Sistan-Bəllucistan bölgəsindəki İranşəhər şəhərində polisin apardığı əməliyyat zamanı 2 ton narkotik vasitə müsadirə edilib.
YeniAvropa xəbər verir ki, bu barədə bölgənin polis idarəsinin rəis müavini Əhməd Tahiri məlumat verib. Onun sözlərinə görə, əməliyyat zamanı bir sıra evlərdə və iaşə obyektlərində axtarışlar aparılıb.
Rəis müavini ötən gün bölgədə iki nəfər polis əməkdaşını qətlə yetirənlərin axtarışının davam etdiyini də bildirib.
Qeyd edək ki, İranın Sistan-Bəllucistan bölgəsi Əfqanıstan və Pakistan ilə sərhəddə yerləşir. Əfqanıstandakı ictimai-siyasi vəziyyətin sabit olmaması narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olanlara geniş imkan yaradıb. Qaçaqmalçılar narkotik vasitələri İran üzərindən Avropaya daşımağa çalışırlar. Bundan başqa terror qruplaşmaları da sərhədi keçərək müxtəlif təxribatlar törədə bilirlər. Bu səbəblərə görə İran polisi həmin bölgədə mütəmadi reydlər keçirir.