Dünya Bankı (DB) qrupunun prezidenti Jim Yong Kim yanvarın 7-də istefaya getdiyini bəyan edib və onun istefa ərazəsi fevralın 1-dən qüvvəyə minəcək. Bankın rəhbəri vəzifələrini icraçı direktor Kristalina Georgiyeva icra edəcək.
YeniAvropa "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bankın yaydığı press-relizdə bildirilib.
Qeyd edilib ki, 59 yaşlı J.Kim öz vəzifəsini səlahiyyətlərinin 2022-ci ildə bitməsinə xeyli qalmış tərk edəcək. O, 6 ildən artıq bankın rəhbəri vəzifəsində çalışır. İstefanın səbəbi kimi bankirin özəl sektorda çalışmaq istəyi ilə bağlı olduğu qeyd edilib.
Məlumatda J.Kimin dəqiq harada işləyəcəyi bildirilməyib.
Xatırladaq ki, əslən cənubi koreyalı olan Jim Yong Kim DB-nin sayca 12-ci prezidentidir. O, DB-nın rəhbəri vəzifəsinə 1 iyul 2012-ci il tarixində başlayıb. 2016-cı ildə səlahiyyət müddəti başa çatıb və təşkilatın Direktorlar Şurası onu yenidən qrupun prezidenti seçib.