Qabonun güc strukturları dövlət radiostansiyanı ələ keçirən və milli bərpa şurası yaradıldığını elan edən qiyamçıları həbs edib.
YeniAvropa xəbər verir ki, bu barədə RFI radiosunun Afrika şöbəsi kommunikasiya naziri, habelə hökumətin rəsmi nümayəndəsi vəzifəsini icra edən Gi-Bertran Maponqaya istinadla məlumat yayıb. Nazir ölkədə vəziyyətin bir neçə saat ərzində tam normallaşacağını bildirib.
Xatırladaq ki, bu gün bir qrup hərbçi Qabonun paytaxtı Librevildə radionu tutaraq ölkə prezidenti Əli Bonqo Ondimbanın hərəkətlərinin təəssüf doğurduğu və milli bərpa şurası yaradıldığı barədə bəyanat səsləndirmişdi. Qabon prezidenti administrasiyasından RFI radiosuna verilən məlumata görə, hakimiyyətə loyal qüvvələr ölkədə bütün strateji obyektlərə nəzarətə edirlər, radiostansiya isə mühasirəyə alınıb.
Prezident Əli Bonqo Ondimba oktyabrın 24-də Ər-Riyadda xəstəxanaya yerləşdirilmişdi. İnsult keçirən 59 yaşlı prezidentin müalicəsi Hazırda Marokkoda davam etdirilir. Əli Bonqo Qabona 2009-cu ildən rəhbərlik edir. Əvvəl isə ölkə prezidenti postunu 42 il onun atası Ömər Banqo tutmuşdu.
Qabon Afrikanın böyük neft ixracatçıları sırasına daxildir. OPEC-in məlumatlarına əsasən, orada gündəlik neft hasilatı 200 min barrelə çatır.