logo

Düşənbədə Orta Asiyada ən böyük məscidin tikintisi başa çatmaq üzrədir

15:55 07-01-2019 | icon 2842
Düşənbədə Orta Asiyada ən böyük məscidin tikintisi başa çatmaq üzrədir

Tacikistanın paytaxtı Düşənbədə Orta Asiya ərazisində ən böyük məscidin tikintisi bağlı işlər sona yaxınlaşır. Bu dini kompleksin cari ildə avqust ayında açılması planlaşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə "Tacikinform" agentliyi məlumar yayıb. Xəbərdə bildirilir ki,  Tacikistan prezidenti Emoməli Rəhmon 2009-cu ilin oktyabr ayında bu məscidin bünövrəsinə ilk daşı qoyub. O vaxt Hənəfilər məzhəbinin banisi İmam Əbu Hənifənin anadan olmasının 1310 illiyi bütün dünyada qeyd edilirdi. Təməlqoyma mərasimindən iki il sonra məscidin tikintisi ilə bağlı işlər başlanıb.

Məscidin layihəsi Tacikistandan və Qətərdən olan mütəxəssislərin birgə səyləri ilə hazırlanıb. Memarlar bu layihəni hazırlayarkən həm Tacikistanın memarlıq ənənələrini, həm də dünya təcrübəsini nəzərə alıblar.

Məsciddə hündürlüyü 75 metr olan 4 minarə, hündürlüyü 47 metr olan əsas günbəz və 20 kiçik günbəz olacaq. Ümumi sahəsi 12 hektar olan ərazidə məscidlə yanaşı muzey, kitabxana, konfrans zalları, kişilər və qadınlar üçün ayrıca qəbul zalları və tədris otaqları yerləşəcək. Məscidin ümumi sahəsi 30 min kvadratmetr nəzərdə tutulub. Məscidin yaxınlığında 4 min avtomobil üçün parklama yeri inşa ediləcək.

Hazırda obyektdə Tacikistandan və xarici ölkələrdən olan 300-dən çox mütəxəssis çalışır. Planlaşdırılan işlərin 70 faizdən çoxu yerinə yetirilib.