Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ankaranın Suriya siyasətinə dair fikirlərinə etirazını bildirib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, H.Aksoyun sözlərinə görə, Birləşmiş Ştatların dövlət katibinin “NewsMax” televiziya kanalına müsahibəsində Suriya ərazisində fəaliyyət göstərən YPG/PKK terror təşkilatlarının üzvlərinin kürd xalqı ilə eyniləşdirilməsi yanlışdır. O, həmçinin Pompeonun Ankaranın terrorçularla mübarizə sahəsində fəaliyyətini tənqid etməsini yolverilməz adlandırıb.
Türkiyə XİN rəsmisi əlavə edib ki, Ankara Suriyanın milli birliyi və ərazi bütövlüyünü, habelə özünün milli təhlükəsizliyini təhdid edən PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı mübarizəni əzmlə davam etdirəcək. Onun sözlərinə görə, Türkiyə kürdlərin də daxil olduğu bütün suriyalıları dəstəkləyir. “Türkiyə istər terrorla mübarizədə, istərsə də Suriyada münaqişənin nizama salınması prosesində suriyalı kürdlərin hüquqlarının müdafiə etməyi davam etdirəcək. PYD/YPD terrorçularının zülmündən qaçan yüz minlərlə suriyalı kürdlər Türkiyədə sığınacaq tapıb və onların təzyiqi nəticəsində öz yurdlarına qayıda bilmirlər”, -deyə H.Aksoy vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Suriyadan qoşunların çıxarılmasına baxmayaraq, burada yaşayan kürdləri Türkiyənin törədəcəyi qırğından qoruyacaqlarını bəyan edib.