Yanvarın 2-də imperator Akihito taxtdan imtina ərəfəsində sonuncu dəfə xalqa Yeni il müraciəti ilə çıxış edib. İmperator yeni ildə yapon xalqına və bütün dünyaya xoşbəxtlik arzulayıb.YeniAvropa xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya imperatoru Sarayının işlər idarəsi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, həmin gün imperatorun yeni il müraciətini dinləmək üçün sarayın qarşısına rekord sayda - 150 mindən çox insan toplaşıb.
İmperator sarayının giriş qapısının açılması ərəfəsində onun qarşısında təqribən 30 minədək insan olub. Qapılar planda nəzərdə tutulduğundan 15 dəqiqə tez, səhər saat 9:15-də açılıb.
İmperator və ailə üzvləri buraya toplaşanları salamlamaq üçün yeddi dəfə eyvana çıxıblar.
Sarayın işlər idarəsi imperatorun eyvana çıxışını planda nəzərdə tutulan 5 dəfədən 6 dəfəyə qaldırıb. Lakin imperatorun altıncı çıxışından sonra da insanların buraya toplaşması nəzərə alınaraq, imperatorun və imperatriçənin arzusu ilə yeddinci çıxış təşkil edilib.
İmperator ailəsi eyvana son çıxışı zamanı meydanda olan 4 mindən çox insanı Yeni il münasibətilə təbrik edib.
İdarənin məlumatına görə, cari ildə Yeni il müraciəti mərasimini 154 min insan ziyarət edib ki, bu da bütün Heysey dövründə ən yüksək rəqəmdir.