Yakudza qanqsterlərinin 60 yaşlı sabiq rəhbəri Keydzo Okamoto və onun 67 yaşlı cinayət ortağı, sabiq maliyyəçi Hiroya Suemori dekabrın 27-də Osaka şəhərinin həbsxanasında dar ağacından asılıb.
YeniAvropa xəbər verir ki, bu barədə yerli "NHK" telekanalı məlumat yayıb. Bildirilib ki, 1988-ci ildə törədilmiş ikili cinayətdə ittiham olunaraq barələrində ölüm hökmü çıxarılan cinayətkarlar Yaponiyanın ədliyyə nazirinin əmri ilə edam edilib. Okamoto və Suemori investisiya kompaniyasının prezidentini və onun katibini qaçıraraq qətlə yetirmiş, qurbanlarının 100 milyon yen pulunu götürmüş, cəsədlərini isə tikilən evin beton özülündə basdırmışdılar.
Ölkənin Baş naziri Sindzo Abe hökuməti dövründə artıq 36 ölüm hökmü icra olunub. İyul ayında “Aum Sinrikö” ekstremist sektasının 13 üzvü, o cümlədən sektanın banisi Söko Asahara adı ilə tanınan Tidzuo Matsumoto edam edilmişdi. Onlar bir sıra qətllər seriyası, həmçinin 1995-ci ildə Tokio metrosunda 13 nəfərin ölümü ilə nəticələnən qaz hücumunda təqsirkar bilinirdilər.
Yaponiya Vəkillər Assosiasiyası isə öz növbəsində ölüm hökmünün ləğvini və onun ömürlük həbs cəzası ilə əvəz olunmasını tələb edir.